Sevgi ilə arzunu səhv salma. Sevgi - günəşdir, arzu - gözqamaşdıran şəfəq. Şəfəq – kor edər, günəş - həyat verər.
Sevgidə bəxti gətirməyən və tənhalıqdan gileylənənlər aramızda kifayət qədərdir. Psixoloqlar bu insan tipajlarına yaxşı ad da veriblər: «qorxuducu insan». Əslində, bu insanlardan çox gözəl, səmimi və ailə həyatında uğurlu tərəfdaş çıxar. Amma nədənsə onlarla tanış olanlar elə ilk görüşdən «qaçır»lar. Heç bir ciddi səbəb göstərmədən.... Görəsən, adaxlıları qorxudan səbəblər nədir?
Sevgidə bəxti gətirməyən «risk» qrupuna daxil olan qadınların tipləri: I. Biznes Women – Işgüzar qadın Bu xanım ürəyi istədiyi vaxt və münasib bildiyi yerdə görüş təyin edir. Görüş boyu saata baxır, vaxt azlığından şikayətlənir. Oğlanla elə danışır ki, sanki hansısa iş müqaviləsi bağlayır.
Kişilər ondan qorxur: Çünki onun nə vaxt sərbəst olacağı məlum deyil. Kişinin fikri, qərarı bu qadınlar üçün önəmli deyil.
Kişilərə məsləhət: Onun vüqarından və ciddi simasından təşvişə düşməyin. Əslində, elə bu qadınların sevgi, diqqət və nəvazişdən ötrü ürəkləri gedir. Ona özünü zəif hiss etmək üçün əlinizə düşən fürsətdən istifadə edin. Amma karyera və biznes planlarına müdaxilə etməyin.
Qadına məsləhət: Rahat və sərbəst ol. İşindən zövq aldığın kimi, kişindən də zövq al.
II. Amazonka-Ailədə başçı: Onu görmədən bir sözdən tanımaq olar: « Mən özüm».
Kişilər ondan qorxur: Çünki heç kəs könüllü olaraq dikdaban altına düşüb, başqa kişilərin gülüş hədəfinə çevrilmək istəmir.
Kişilərə məsləhət: Belə qadınları düzgün, mədəni və incə şəkildə «yerinə oturtmaq» olar. Onu hansısa çətin bir işin icrası uğrunda mübarizəyə dəvət edin. Sonrasa deyin: «Əzizim, sən uduzdun. Amma bu vəziyyətdə elə gözəl görünürsən ki..»
Qadına məsləhət: Yavaş-yavaş öhdənizə götürdüyünüz işləri kişiyə ötürün. Mənzil-istismar idarəsnə getmək, telefon pulunu keçirmək, lampaları dəyişmək.
III. Gözəlçə «Barbi» Parıltısından kişilərin gözü qamaşan, gəlincik kimi bəzəkli, əl güzgülü xanımlar.
Onlardan da qorxurlar: Çünki onun xərci çoxdur, başı da bəlalıdır.
Kişiyə məsləhət: Ona böyüməkdə və dünyagörmüş qadına çevrilməkdə kömək edin. İmkanınız varsa, ona gözəllik salonu hədiyyə edin ki, heç olmasa gününü orada keçirsin.
Qadına məsləhət: Bəzənirdin ki, ərə gedəsən, seviləsən, sevildin. İndi də elə bəzən ki, kişi səndən qaçmasın.
IV. Hər şeyi bilən. Addımbaşı kişiyə dərs keçən, az qala cibindəki siqaret və kibritin sayını bilib, ağı ilə fəxr edən qadınlar.
Kişilər ondan çəkinir: Çünki hər dəfə camaat arasında pərt olub, özünü ağıllı göstərən qadının kölgəsində axmaq yerində qalacaq.
Bu qadınla nə etmək lazımdır? Bax, belə qadınlarla həqiqətən çətindir. Onunla ayaqlaşacaq xasiyyətə və maraq dairəsinə sahib olmalısan.
Qadına məsləhət: Ağlından ağılla istifadə et. Kişini alçaltmaqdansa, onu maraqlandıracaq mövzulara toxun.
V. Ümidsiz pinti Görüşə çirkli əllər, dünənki makiyaj və pırtlaşıq saçlarla gələnlər.
Onlardan qorxurlar? Əslində, diksinirlər. Kişi sabahkı yatağının və yeyəcəyi qabın vəziyyətini təsəvvür edib, dəhşətə gəlir.
Kişilər nə etsin: Mübahisə edib, təmizlik barədə dərs keçmək əbəsdir. Onu seçmisən-indi də döz.
Qadına məsləhət: Fikirləşmə ki, qəlbin təmizdirsə, hər şey düzəlib. Hamam və sabun, budur sənin xilas yolun.
Ümumiyyətlə, bu tip kişi və qadınları sevən, könül bağlayan və ya evlənən cütlüklərə psixoloqlar bir çıxış yolu göstərirlər: Sevmək.
Onu seçmisən, onu olduğu kimi sev. Qarşındakını tamamən özünəuyğun şəkildə dəyişməyə qəti çalışma. Çox zaman həyatda iki əks qütb-mənfi və müsbət bir-birini cəzb edir. Bəlkə də həyatın uyğunlaşma qanunu bunun üzərində qurulub ki, sən səndən fərqli insanla yaşayıb, özünü daha yüksəkdə hiss edəsən. Əgər seçdiyin insanda olan xüsusiyyətlərə dözmürsənsə, deməli, onu yetərincə sevmirsən. O zaman vaxt itirmədən başqasını seç.
|