Xəbər verdiyimiz kimi, bu ilin mayında Osloda keçiriləcək Eurovision mahnı yarışmasında Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə Avropa ölkələrinin internet forumlarında və bukmeykerlərin hesablamalarına görə, qalib olacaq! Hətta, türk mediası təmsilçimizin qara piarını apararaq, qələbənin artıq ölkəmiz tərəfindən satın alındığını da iddia edir.
Ukraynanın Birinci kanalında tamaşaçılar arasında sorğu keçirib. Ukraynalılara ünvanlanan "Osloda kimin qalib olmasını istəyirsiniz və kimə səs verəcəksiniz?”, sualına reaksiya özünü çox gözlətməyib. Sevindirici haldır ki, ukraynalılar Azərbaycan təmsilçisinə səs verib. Tamaşaçılar "Drip drop” mahnısını 2010 yarışmasının favoriti kimi gördüklərini bildirib.
Mayın sonunda keçiriləcək müsabiqəyə az vaxt qaldığı bir ərəfədə digər iştirakçı ölkələrin təmsilçimizə bu cür müsbət reaksiya göstərməsi olduqca sevindiricidir. Kim bilir, bəlkə də Səfurə "Eurovision”-u Azərbaycana gətirəcək! Yəqin ki, hər birimiz bu hadisəni səbrsizliklə gözləyirik.