Nar- Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl
qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi
xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə,
yəhudilərə, yunanlara və romalılara məlum idi.
Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi
işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından
istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri
şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon
turşusudur.
Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə,
boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları
sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur.
Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq
xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və
qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir.
Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin
antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən
öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün
davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək
yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi,
başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli” adı ilə,
eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz
formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə
edilir. Şəki rayonunda narda iştah artırmaq üçün "nardaşa” adlanan
şərbət hazırlanır. Həmçinin cır nardan "narşərab” hazırlanır ki, bu da
həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı
nəticə verir.
Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında
istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi
də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi
işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla
bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə
şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında,
angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara
dərmanı kimi istifadə edirlər.