Tropik sulara daxil olan adamı birinci olaraq uçan balıqlar
qarşılayır. Uzunluğu 25-30 sm olan bu balıqlarda olduqca maraqlı
uyğunlaşmalar əmələ gəlmişdir. Karifen adlı yırtıcı balıqlardan
yaxasını qurtarmaq istəyən uçan balıq sudan havaya atılaraq 5-7 m
yüksəklikdə quş kimi havada 300-400 m uçur. Hətta onlar 7-8 m
yüksəklikdə 800 m-ə qədər məsafə qət edə bilirlər. Bu zaman onun sürəti
48-72 km/saat-a çatır. Bu qədər məsafə qət edən balıq təxminən bir
dəqiqə havada qalır.
Uçan balıq suya enərkən bəzən gəmilərin göyərtəsinə, yaxd qayıqların içərisinə düşür.
Balığın qanadları olmadığı halda onun havada uça bilməsinə imkan verən nədir?
Uçan balıqlarda qüvvətli inkişaf etmiş quyruq üzgəci vardır və onlar
quyruq üzgəcinin güclü hərəkəti sayəsində havaya atıla bilirlər. Bunun
üçün əvvəlcə balıq suyun üst səthi ilə bir qədər üzür, sonra quyruq
üzgəci ilə suya bərk vuraraq havaya qalxır. Balığın uzun döş üzgəcləri
bu zaman havada ona müvazinət saxlamağa imkan verir, onların balığın
uçmasında demək olar ki, rolu yoxdur. Belə ki, bu balıqlar quş kimi
qanad çala bilmirlər, lakin o, daha uzağa uçmaq istədikdə suyun səthinə
enir və quyruğunu hərəkətə gətirir, yenidən sürət götürərək havaya
qalxır və uçmağa davam edir. Uçan balıqlarda bu qədər mürəkkəb
uyğunlaşmaya baxmayaraq, onlar həmişə özlərini düşməndən qoruya
bilmirlər. Onlar suda olan düşmənlərinin təqibindən qurtarmaq üçün
havaya qalxdıqda, onların başının üstünü ikinci bir təhlükə alır ─
daima dənizin üzərində dövrə vurub uçmaqda olan su quşları (qağayılar)
çox zaman onları haada tutub yeyirlər.
Balıqlarda uçmaq qabiliyyətinin olması, bəzən onlara balıqçı
torlarından çıxıb qaçmağa imkan verir. Bu cəhətdən "Kazan” tral
gəmisində baş vermiş əhvalat xüsusilə maraqlıdır. Belə ki, Atlantik
okeanında balıq ovlayan "Kazan” gəmisinin heyəti suyun üst qatlarında
balıq sürüsü görürlər. Adətən belə balıq sürülərini üzən torla
tuturlar. Bu torun alt hissəsindəki ipi dartdıqda o torba kimi yığıla
bilir. Bu zaman bütün balıq sürüsü torun içərisində qalır. Balıqçılar
toru suya salır və balıq sürüsünü bu nəhəng torun içərisinə alırlar.
Lakin toru gəmiyə qaldıran zaman torun içərisindəki bütün balıqlar bir
an içərisində üçüb gedirlər, sanki tordakı balıq deyil, quş dəstəsi
imiş.