Babalarımız müsəlmanlıqdan əvvəl yaradana inanırdılar. Bəlkə müxtəlif tanrıları da vardı, lakin öz ləhcələri ilə "Tengri” dedikləri zaman ALLAH (c.c) nəzərdə tuturdular. Bu söz zaman keçdikcə "tanrı” şəklini aldı ki, əslində "məbud” deməkdir və ərəbcədəki "İlahın”, fransızcadakı "Diyonun”, farscadakı "Xudanın” qarşılığı olan sözdür. Lakin heç bir zaman Cənabi Haqqın bütün gözəl ismlərini ( Əsmaül-Hüsna) əhatə edən "ALLAH” sözünün qarşılığı deyildir. "ALLAH” deyiləndə bütüb kainata isim və sifətləri ilə təcəlli edən bir Zat ağıla gəlir. "ALLAH” deyiləndə sözün əsl mənasında ibadət edilməyə layiq, varlığı özündən olan Zat ağıla gəlir. Ancaq "tanrı” deyəndə, yunanların ağlına Zevs, misirlinin Apis Boğazı və hindlinin ağlına da öz inəkləri gəlir...
Deməli, "tanrı” sözü məbud mənasını ağıla gətirdiyi halda, Ləfzi-Cəlalə olan "ALLAH” sözü Vacibul-Vücudun (Mütləq var olan, yoxluğu mümkün olmayan Cənabi-Allah (c.c.)) xüsusi adı olaraq sadəcə o gözəl isimlərin sahibi ALLAHı göz önünə gətirir. Ona görə bir insan "ALLAH” sözünün yerinə "Tanrı” sözünü işlədərsə, məqsədini tam izah edə bilməz və xəta etmiş olar. "Tanrı” sözü "Xuda”, "Diyo” və "God” yerində işlənə bilər, fəqət ALLAH yerində deyil. ALLAH Cənabi-Haqqın Zatına aid xüsusi adıdır. Ona görə də "Lə İlahə İlləllah” deyirik, "La Allaha illəllah” demirik. Əvvəla, ilahlar, tanrılar nə varsa, hamısına qadağa qoyulur, sonra da sadəcə ALLAH vardır, deyilir. Kiçik bir misal gətirim sizlərə, "Mövludnamə” müəllifi Süleyman Çələbi bu məsələyə çox gözəl bir şəkildə toxunaraq: "Birdir ALLAH, ondan başqa tanrı yox” – demiş və hər iki sözün yerini də təyin və təsbit etmişdir.
Lakin bir insanın ağzından "tanrı” kəlməsi çıxdığı zaman o dəqiqə əks təsir göstərilməməli, əgər o sözü ALLAH yerində istifadə etmişsə, nəzakətlə xəbərdarlıq edilməlidir.
|