Главная » 2009»Май»5 » Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayəti
15:26
Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayəti
“Savalan terrorçu ilə əlbəyaxa oldu. Ona gücü çatmayan qatil tapançası ilə Savalanın bədəninə atəş açdı. Daha sonra isə onu qətlə yetirdi. O, terrorçunun üstünə gedən yeganə tələbə idi”. Bu sözləri Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terror olayının şahidi söyləyib. Ölümün gözünə dik baxan, həyatı bahasına olsa belə, tələbə yoldaşlarını xilas etmək istəyən, sözün əsl mənasında qəhrəmanlıq yapan Savalanın qısa həyat yolu ilə tanış olmaq qərarına gəldik. Əslən Yevlaxdan olan Savalan Cabbarovun ailəsi Bakının Nizamı rayonu, Bəhruz Nuriyev küçəsində yaşayır. Cabbarovlar ailəsinin 2 övladı olub - Savalan və bacısı. Ataları Allahverdi müəllim neft sahəsində çalışır. Hər iki övlad atalarının yolunu davam etdirmək üçün Neft Akademiyasını seçib. Bir ailənin 2 övladı eyni gündə terrorçunun hücumuna məruz qalıb. Savalanın ailəsi ilə onun üç mərasimindən sonra görüşdük. Tək oğul övladını itirən Allahverdi müəllim onun üçün nə qədər çətin olsa da, bizimlə söhbətə razı oldu. O, hadisə zamanı övladlarının ikisinin də dərsdə olduğunu söylədi: “Savalan imtahanda, bacısı isə birinci mərtəbədə dərsdə imiş. Atəş səsləri eşidiləndə qızımın müəllimi qapını bağlayıb. Tələbələri pəncərədən çölə çıxarıb. Qızım çölə çıxmazdan əvvəl qardaşına zəng edib və atışma olduğunu deyib. Lakin o, Savalana ehtiyatlı olmasını və qapını bağlamalarını söyləyə bilməyib. Savalan telefonu atıb və sinifdən çölə çıxıb. Onunla birgə dostları Ayaz və Taleh də çıxıb. Qapıda terrorçu ilə üzləşiblər. Terrorçu Ayazı və Talehi vurub. Savalan terrorçunun üzərinə atılıb. Əlbəyaxa olublar. Daha sonra terrorçu Savalanın bədəninə 2 güllə vurub. Güllə yarası alan Savalanın əlləri boşalıb. Bundan istifadə edən qatil onun əlindən qurtulub və Savalanın başına 3 güllə vurub”.
Atanın sözlərinə görə, Savalan, Ayaz və Taleh dost və qrupun əlaçıları olublar: “Üç dostun üçü də bir gündə şəhid oldu”. Allahverdi müəllim qızının hələ də özünə gəlmədiyini deyir: “Qızım atışma xəbərini qardaşına dediyi üçün özünü bağışlaya bilmir. Elə bilir ki, Savalana xəbər verməsəydi, o sağ qalacaqdı. Qızımı ovundura bilmirik ki, sənin günahın yoxdur. Onsuz da qatil Savalan olan mərtəbəyə daxil olub. Onlar imtahan otağının qarşısında rastlaşıblar”. Mərhumun atası Savalanın daha çox elmlə məşğul olduğunu söylədi: “Savalan 1-ci sinifdən 5-ci sinfədək 129 saylı məktəbdə, sonra fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub. Orta məktəbdə əlaçı olub. Əsas diqqətini dərslərə verib. Onunku elmlə məşğul olmaq idi. Akademiyaya yüksək balla daxil olub. Sonuncu kursda oxuyurdu. 1-ci kursdan 4-cü kursacan ”4"ü olmayıb. Əlaçı idi. Ayaz da, Taleh də qrupun əlaçıları idilər". Allahverdi müəllim oğlunun dalaşqan olmadığını da söylədi: “Elmlə məşğul olsa da, qoçaq uşaq idi. Dalaşqan deyildi. Amma fağır da deyildi. Hamının yanında xətir-hörməti vardı. Özü də hamıya hörmət edirdi. Uşaq vaxtı idmana gedirdi. Sonralar isə əsasən dərslərinə fikir verirdi. 22 yaşı vardı, amma bir dəfə də olsun, Savalana öyüd-nəsiyət verməmişəm. Elə bir iş tutmayıb ki, ona irad bildirim”.
Savalanın yaxınları isə bizə onun haqsızlığa qarşı barışmaz olduğunu dedilər: “İdmanla məşğul olmurdu, dalaşqan deyildi. Amma qoluzorluluğu qəbul etmirdi. Kimsənin incidilməsinə imkan verməzdi. Terrorçu ilə əlbəyaxa olması, ölümündən qorxmaması qandan gələn işdir. Ona görə də bu məhəllədə, oxuduğu məktəbdə hamı Savalanın hörmətini saxlayırdı”... Savalanın tələbə dostları hadisə barədə müxtəlif fikirlər söyləyiblər. Səslənən fikirlərdən biri də budur ki, hadisə zamanı həlak olanların adlarının heç də hamısı açıqlanmayıb. Onların sözlərinə görə, öldürülənlər arasında akademiyanın qapıçısı və orada qatıq satan şəxs də var. Lakin rəsmi açıqlamalarda onların adları göstərilməyib.