Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır. Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir: «Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb». Mir Damad Şaha belə cavab verir: «Şeyx Bəhaidə günah yoxdur. Onun atı, belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən irəli keçib». Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: «Mir Damadı görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıb». Şeyx Bəhai isə belə cavab verir: «Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır». Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür
Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir. Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir. Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb, əmirə belə xəbər yollayır: «Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm. Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı».
Bir gün məşhur alimlər Molla Feyz Kaşani ilə Molla Xəlil Qəzvininin arasında elmi mübahisə düşür. İki alimin fikri toqquşur, hər biri öz nəzəriyyəsini isbat etmək üçün dəlillər gətirir. Axırda Qəzvini Feyz Kaşanini öz fikrindən dönməyə və onun nəzəriyyəsini təsdiqləməyə məcbur edir. Bununla mübahisə sona çatır və tərəflər ayrılıb hər biri öz şəhərinə yola düşür (Feyz Kaşanda, Molla Xəlil isə Qəzvində yaşayırmış). Bir neçə gün keçdikdən sonra Molla Xəlil Qəzvini bir daha araşdırma aparıb bu nəticəyə gəlir ki, həmin mübahisədə Feyz Kaşaninin dedikləri doğru imiş. Qəzvini öz nəzəriyyəsinin səhv olduğunu anlayıb, payi-piyadə Kaşana gəlir. Molla Feyz onu səmimi qarşılayır. Qəzvini apardığı araşdırmanın nəticəsini Feyzə bildirib üzr istəyir və səhv etdiyini etiraf edir. Bundan dərhal sonra Molla Xəlil, Feyzin evini tərk edib Qəzvinə doğru qayıdır. Feyz Kaşani ona qonaq olmağı və dincəlməyi təklif etsə də, Qəzvini razı olmayıb söyləyir: «Mən bura dincəlməyə görə yox, səndən üzr istəməyə görə gəlmişəm. Əgər indi başqa məqsədlə sənin evində qalsam, həmin niyyətim pozulmuş olacaq».